“Müşfiq cəsarətli, uzaqgörən, klassik ədəbiyyata və şifahi xalq ədəbiyyatına münasibətdə ən doğru mövqe tutan, ənənənin rolunu çox düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən vətəndaş şairlərimizdən biri olmuşdur” Bu sətirlər görkəmli ədəbiyyatşünas G.Hüseynoğlunun “M.Müşfiqin yaradıcılıq yolu” kitabından götürülmüşdür. M. Müşfiq poeziyasının az öyrənilən, layiqincə diqqət cəlb etməyən, ancaq öyrənilməyə, aydınlaşdırılmağa ehtiyacı olan cəhətlərindən biri klassik irsi ilə əlaqəsi, ona münasibətidir. Əkrəm Cəfər, N. Rəfibəyli, Məsud Əlioğlu Müşfiq yaradıcılığında klassik irslə bağlılığın müəyyən cəhətlərini qeyd etsələr də, G.Hüseynoğlu şairin ədəbi-estetik görüşlərindən danışarkən onun klassik irs, xüsusilə də Füzuli yaradıcılığı bağlılığını xüsusi vurğulamışdır. Müşfiq poeziyası formaca yeni tipli, yeni üslublu bir aləmdir. O, klassik ədəbi janrlara müraciət etmir, müraciət etməyi sevmir, ancaq istədiyi vaxt bu formalardan bəhrələnə bilir. Mikayıl Müşfiq yeni Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi olan sənətkarlardan biridir. Onun faciəli şəxsi həyatındakı ağrı-acılar poeziyasındakı qanadlı nikbin ruhu kölgələyə bilmir və bunu etməkdə acizdir. Onun acı taleyi də, əyilməz ruhu da, ilham dolu səsi də yaddaşlarda dərin izlər buraxmışdır.
klassik irs, Füzuli, ənənə, novatorluq, estetik görüşlər