Məktəb yaşlı uşaqların təhsildən uzaqlaşması XXI əsrin dünya ölkələrinin əsas sosial problemləri sırasına daxil olundu. Dünya ölkələrində 1990-cı ildə 100 milyondan çox uşaq təhsilsiz idisə, bu göstərici 2000-ci ildə 113 milyonu keçmişdir. Müsəlman və həmçinin, türk dövlətlərində, xüsusəndə bu ölkələrin kənd yerlərində məktəbyaşlı uşaqların təhsildən yayınma halları sosial problem kimi daha qabarıq formada qalmaqdadır. Azərbaycan Respublikasının Konstitusiyasının təhsil hüququnda hər kəsin təhsil almaq hüququnun olması və ümumi orta təhsilin icbari olması 42-ci maddədə öz əksini tapmışdır. Təhsildən yayınma halları, əsasən də, qız uşaqlarına qarşı edilən bu cinayət dövlətin siyasi-iqtisadi, sosial, mədəni inkişafına zərər vurur. Azərbaycanda 2015-ci il təhsil statistikasına əsasən məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4%, kəndlərdə 8,7%, ölkə üzrə isə 16,5% təşkil edir.
Uşaqlar, Sosial Problemlər, Təhsildən Yayınma