Xalqın tarixi taleyi, bu taleyi özündə, mübarizəsində əks etdirən insanların xarakteri və əməlləri, nəcib insani xüsusiyyətləri Bəxtiyar Vahabzadə yaradıcılığının əsas fəlsəfi-estetik düşüncəsidir. B.Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri mövzu cəhətdən tarixi və müasir həyatla bağlı olan pyeslər silsiləsinə şamil edilə bilər. Burada tarixilik və müasirlik vəhdət halında çıxış edir. Bu da böyük şairimizin milli dramaturgiyanın zəngin ənənələrini yaşatmaq əzmini göstərir. “Özümüzü kəsən qılınc”əsəri Bəxtiyar Vahabzadənin türk birliyinə səsləyən ideyalarının çağırışıdır. Əsərin üstün və ümdə cəhətlərindən biri budur ki, şair burada tarixi müasirlik qədər yaşada bilir. Ümumiyyətlə, şairin müraciət etdiyi mövzular, problemlər çox geniş, əhatəli və cəmiyyət yönümlüdür. Milli kimlik və milli kimliyə qayıdış Bəxtiyar Vahabzadə yaradıcılığının əsas xüsusiyyətlərindən biridir.
İstiqlal, azadlıq, vətən, xalq, milli dəyər.