Xülasə: Məqalədə dilin lüğət tərkibində seçilən söz qruplarından biri olan zoonimik leksikanın, həmçinin zoonim komponentli fitonimlərin adlandırılmasından bəhs edilmişdir. Dilin lüğət tərkibindəki sözlərin nominasiyasını öyrənmək mühüm linqvistik mahiyyət daşıdığından zoonimik leksikanın, fitonimlərin adlandırma prinsiplərini araşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Tematik söz qruplarının əksəriyyətində ikinci dərəcəli nominasiya hesabına yaranmış leksik vahidlər üstünlük təşkil edir. Metaforikləşmə, bənzətmə hesabına yaranmış leksik vahidlər də ikinci dərəcəli nominasiya hesabına yaranmış və motivləşmiş sözlər hesab edilir. Məfhumların oxşarlıq, bənzətmə yolu ilə adlandırılması prosesinə dünyanın bütün dillərində rast gəlinir və adlandırılmadakı paralellik, oxşarlıq dil daşıyıcılarının təfəkküründəki ümumiliyi, bənzərliyi ilə bağlıdır. Bununla yanaşı, müxtəlif dillərdə metaforikləşmə hesabına yaranmış adlandırmada fərqliliklər də özünü göstərir ki, buna səbəb xalqın düşüncə tərzinin, obrazlı təfəkkürünün fərqliliyindən, rəngarəngliyindən irəli gəlir. Dünyanın müxtəlif dillərində dilin nominativ ehtiyacı, onun zənginləşməsi, əsasən, ikinci dərəcəli nominasiya hesabına baş verir və motivləşmə hesabına yaranmış belə dil vahidləri heyvan, bitki, yemək, paltar və s. leksik-semantik söz qruplarına aid olan leksikada daha çox müşahidə edilir.
Açar sözlər: nominasiya, metaforik, zoonim, fitonim, bənzətmə.