XX əsr türk nəsrinin tanınmış nümayəndələrindən Yavuz Bahadıroğlu (1945-2021) həm publisistik məqalələrində, həm də roman və hekayələrində türk tarixinə özünəməxsus mövqedən yanaşmış, tarixi faktları bədii təxəyyül süzgəcindən keçirərək oxucuya təqdim etmişdir. Osmanlı imperiyasının ayrı-ayrı dövrlərindən bəhs edən 20-dən çox roman qələmə alan yazıçının “Sunquroğlu” və “Buxara yanır” romanları oxucuların xüsusi marağına səbəb olmuşdur. Yazıçı “Krım qan ağlayır” (2016) romanında isə qədim türk yurdu Krımın ruslar tərəfindən işğalı və II Dünya müharibəsi dövründə Krım türklərinin yaşadıqları faciələri ictimai-siyasi proseslər fonunda səciyyələndirməyə çalışmışdır. Bu zaman yazıçı mücərrədliyə deyil, əsasən real tarixə əsaslanmış, bu faktları bədii şəkildə oxucuya çatdırmağa nail olmuşdur. Romanda dövrün ictimai-siyasi mənzərəsi haqqında məlumat əldə etmək olur. Hadisələr II Dünya müharibəsi dövründə almanların cəbhədə üstünlük əldə etdiyi bir vaxtda cərəyan edir. Ancaq əsərdə birbaşa müharibə səhnələri təsvir edilmir, XX əsrin 40-cı illərində Krımda baş verən hadisələrin və müharibənin insan talelərinə gətirdiyi faciələr öz əksini tapır. Yazıçının digər bir məqsədi dünya ictimaiyyəti tərəfindən alman hərbi qüvvələri ilə əlbir olmuş “vətən xainləri” kimi ittiham olunan Krım türklərinin əslində başına gələnləri oxucuya çatdırmaqdır.
Yavuz Bahadıroğlu, Krım türkləri, roman, tarixi reallıqlar, II Dünya müharibəsi