Məqalədə ən geniş leksik vahidə malik olan nitq hissəsi feilin növlərindən biri olan emosional münasibət bildirən feillərin tədqiqatına yer verilmiş və müxtəlif alimlərin feillərin semantik bölgüsünün necə aparılması məsələsinə toxunulmuşdur. İlk öncə feillərin tədqiqatında Mahmud Kaşğarlının "Divanü-lüğat it-türk" adlı əsərində feillərin önəmi qeyd olunub, daha sonra V. Əliyev, A. Q. Ələkbərov, B. Xəlilov və sair Azərbaycanlı müəlliflərin feillərin tədqiqatında gördüyü işlər bəhs olunub. Z. N. Verdiyeva nitq hissələrini 4 cilddə tədqiq edərək feilləri 1-ci cilddə təhlil edib semantik qruplara bölmüşdür. Kobrina, Korneeva, Ossovskaya, Quzeeva feilləri 2 leksik-semantik qrupda; L. M. Vasilyev feilləri 13 qrupda; H. K. Quliyev isə 11 növ feil qrupu təhlil ediblər. Məqalədə tədqiqatçıların araşdırmalarından qənaətə gəlinir ki, emosional münasibət bildirən feil qrupu L. M. Vasilyev və H. K. Quliyevin feillərin semantik-leksik qruplarına görə təsnifatında vurğulanır. Müxtəlif qruplara bölünməklə təhlil olunan feillərin emosional münasibət bildirən növü də 3 yarım qrupa bölünüb: 1. sevgini, əzizləməni bildirən feillər; 2. hörmət ifadə edən emosional münasibət feilləri; 3. subyektə mənfi münasibəti- pisləmə, nifrət və s. bildirən feillər. Məqalədə həmçinin adları çəkilən yarımqruplara aid nümunə feillər verilmiş, onların hər biri mənbələrə istinad olunaraq cümlələrdə təhlil olunmuş və ana dilində qarşılığı verilməklə eyni adlı feillərin əksi forması diqqətə çəkilşmişdir.
feil, semantika, feilin tərcüməsi