Müasir dünyamızda iqtisadi inkişaf eyni çeşiddə əmtəə və xidmətlərin artan kəmiyyətlə istehsalı ilə deyil, davamlı təkmilləşmə prosesi əsasında daha mürəkkəb və keyfiyyətli məhsul istehsalı ilə xarakterizə olunan prosesə çevrilmişdir. Bazarların mürəkkəblik dərəcəsi artdıqca, iqtisadi təfəkkür paradiqmasının da dəyişdirilməsinə ehtiyac yaranır. Ölkənin ixrac səbətinin quruluşu və müxtəlifliyi iqtisadi inkişaf səviyyəsini əks etdirən mühüm göstəricilərdən hesab olunur. Harvard universitetinin professorları D.Rodrik, J.Hvanq və R.Hausman tərəfindən 2005 - ci ildən etibarən ölkələrin iqtisadi inkişaf səviyyəsini, ixrac səbətinin mürəkkəbliyi əsasında ölçə bilən “İqtisadi Mürəkkəblik İndeksi (İMİ)” irəli sürülmüşdür. İMİ ölkənin rəqabət qabiliyyəti və ixrac imkanlarının keyfiyyətini ölçməyə yönəlmiş müasir yanaşma kimi davamlı və dayanıqlı iqtisadi inkişaf üçün ixracın şaxələndirilməsini və innovasiyaları təşviq edən siyasətlərin həyata keçirilməsini dəstəkləyir. Bu məqalədə eyni dili və mədəni tarixi paylaşan Türkdilli ölkələrin iqtisadi inkişaf və qlobal bazarlarda qarşılıqlı əlaqələrinin qiymətləndirilməsi məqsədilə ixrac səbətinin müxtəlifliyi araşdırılmışdır. Bu məqsədlə hər bir ölkənin ixrac səbətinin şaxələnmə dərəcəsini əks etdirən İM indeksindən istifadə edilmişdir. Ötən illər üzrə Türkdilli ölkələrin İM indeksinin təhlili əsasında müəyyən olunmuşdur ki, ixrac səbətində bilik və bacarıqlara əsaslanan məhsul və xidmətlərin üstünlük təşkil etdiyi ölkələr, daha dar və daha az çeşiddə məhsullar ixrac edən ölkələrə nisbətən daha rəqabətli və dayanıqlı hesab olunur.
Türkdilli ölkələr, İMİ, ixrac səbəti, məhdud müxtəliflik, iqtisadi inkişaf