Məqalə Azərbaycan Respublikası iləBirləşmiş Krallığı arasındakı ikitərəfli əlaqələrin kifayət qədər uzun və zəngin tarixinə həsr edilib. Müəllif iki dövlət arasında XX əsrin sonundan XXI əsrin başlanğıcınadək olan dövr ərzindəki ticarət münasibətlərinə, neft amilinə və humanitar əlaqələrə diqqət yetirir. Məqalədə Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələr beynəlxalq əməkdaşlıq sistemi çərçivəsində tədqiq edilir, beynəlxalq miqyasda əməkdaşlıqla bağlı bir çox müsbət və mənfi cəhətlər təhlil edilir. Dünyadakı inteqrasiya proseslərinin sürətləndiyi, enerji siyasətinin mühüm əhəmiyyət kəsb etdiyi bir zamanda Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin və xüsusilə də Böyük Britaniya ilə olan münasibətlərinin öyrənilməsi vacib məsələlərdəndir. Hazırda enerji siyasəti və təhlükəsizlik amili müasir dünyada ən çox araşdırılan problemlərdən biridir. Qloballaşma, enerji resurslarının öyrənilməsi və bu kimi başqa aktual məsələlərə dair müxtəlif müəlliflərin çeşidli məqalələri, kitabları nəşr olunmuşdur. Mövzunun aktuallığını şərtləndirən amillərdən biri də müasir dövrdə dünyadakı inteqrasiya prosesinin geniş vüsət alması və bu prosesdə dünya xalqları ilə bərabər Azərbaycan xalqının da iştirak etməsidir. Hazırda dünyada bir çox regional və qlobal layihələr hazırlanaraq həyata keçirilir. Bu isə, öz növbəsində, ciddi elmi tədqiqat mövzusudur. Müasir dünyanın başlıca inkişaf istiqamətlərindən biri olan qloballaşma problemi çərçivəsində AzərbaycanBöyük Britaniya əlaqələri mühüm strateji əhəmiyyət kəsb edir. Bu əlaqələr əsasını təşkil edən neft amili isə iki ölkənin müxtəlif beynəlxalq platformlarda qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanmalarını labüd edir.
Böyük Britaniya, beynəlxalq münasibətlər, neft layihələri, Xəzər, BP, Qafqaz