Annotasiya: Məqalədə keçmiş SSRİ-nin təhlükəsizlik orqanı olan Daxili İşlər Xalq Komissarlığının (bundan sonra - NKVD) arxiv sənədləri əsasında sovet hakimiyyətinin almanlara qarşı cəza siyasətində erməni amilindən istifadə edilməsi barədə oxuculara məlumat verilir. Almanlar 1818-ci ilin sonundan başlayaraq Azərbaycana köç ediblər. Onlar burada, əsasən indiki Göygöl, Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazilərində məskunlaşmışlar. 1941-ci ildə Almaniya SSRİ-yə qarşı müharibəyə başlayandan sonra Azərbaycan almanları Qafqazda yaşayan digər almanlarla yanaşı Sibirə və Qazaxıstana deportasiya olunmuşdular. XX əsrin 30-cu illərinə aid NKVD təşkilatının arxiv sənədlərində XIX əsrin əvvəllərindən Azərbaycanda yaşayan alman əhalisinin sovet dövrünə aid (1920-ci ildən sonra) istintaq işləri mövcuddur. Bütövlükdə bolşeviklər tərəfindən Azərbaycan əhalisinə qarşı aparılan repressiya siyasətində almanların yeri xüsusilə seçilir. SSRİ ilə Almaniya arasındakı mürəkkəb vəziyyət Azərbaycan almanlarının taleyində acınacaqlı rol oynamışdır. Uzun illər SSRİ tərəfindən almanlara qarşı aparılan cəza siyasəti məxfi və qadağan olmuş bir mövzu idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra almanların sovet dövründəki acınacaqlı vəziyyəti və onlara qarşı dövlət tərəfindən aparılan siyasət arxiv sənədləri əsasında ictimaiyyətləşdirilmişdir.
Açar Sözlər: Azərbaycan Almanları, Azərbaycanda Erməniləşdirmə Siyasəti, SSRİ Təhlükəsizlik Orqanı, Helenendorf.