Dilin lüğət tərkibində yeni terminlərin yaranması cəmiyyətin inkişafı, cəmiyyətdə gedən proseslər, bu proseslərin istiqaməti və cəmiyyət üzvlərinin ətrafında baş verən bu və digər hadisəyə münasıbəti ilə sıx surətdə bağlıdır. İngilis və Azərbaycan dilində ictimai-siyasi terminlər digər sahə terminlərindən özünəməxsus xüsusiyyətlərinə görə fərqlənir. İctimai-siyasi terminlərin öyrənilməsi sosiolinqvistikanın actual məsələlərindən biri olmuşdur. İctimai-siyasi proseslər dildə yeni terminlərin yaranmasına, müəyyən qədər arxaikləşmiş terminlərin fəallaşmasına səbəb olur. İctimai-siyasi terminologiya bu baxımdan digər sahə terminosistemindən seçilir. Belə ki, burada yeni terminlərin yaranması və ya fəallaşması cəmiyyətdəki ictimai-siyasi, sosial-maddi proseslərin gedişindən, kütləvi ümumdərkdən, kollektiv daxilində bu və ya digər ideologiyanın necə qarşılanmasından çox asılıdır. Bu prosesdə kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Kütləvi informasiya vasitələri ictimai-siyasi terminlərin yayılmasında, işləklik qazanmasında, terminoloji sistemin zənginləşməsində böyük rol oynayır. Qəzet, jurnal, radio və televiziyanın bu sahədə imkanları genişdir. Digər sahə terminlərindən fərqli olaraq ictimai-siyasi terminlərin kütləviliyə meyli bu sahədə informasiya vasitələrinin iştirakını zəruri edir. Kütləvi informasiya vasitələri gündəlik zəruri hadisələri əks etdirdiyindən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, elmi-texniki tərəqqi ilə bağlı mühüm yeniliklər işıqlandırılır.
ictimai-siyasi terminlər, dilin lüğət tərkibi, kütləvi informasiya vasitələri