Türkiyə Cümhuriyyətinin qurulmasından dərhal sonra M.K. Atatürk türk dili, türk ədəbiyyatı, türk tarixi, türk incəsənəti, türk etnoqrafiyası, türk coğrafiyası sahəsində araşdırmalar aparmaq və bunların nəticələrini elm aləminə çatdırmaq üçün bir institut yaratmaq istəyirdi. Ulu öndərin 1924-cü il 12 noyabr qərarına əsasən, belə bir akademik qurum, İstanbul Universitetinin nəzdində Türkşünaslıq İnstitutu yaradıldı və tanınmış türkoloq M.F.Köprülü institutun ditektoru təyin edildi. Tezliklə M.F.Köprülünün təşkilarçılığı ilə Türkşünaslıq İnstitunun kitabxanasını yaratmaq üçün türk dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, etnoqrafiyası və türkologiyanın müxtəlif mövzularını əhatə edən bəzi əlyazmalar, kitablar, jurnallar Türkologiya kitabxanasına gətirilməyə başlanıldı. Kitabxananın əsas fondunu Şərq dilləri üzrə tədqiqatçı, xakas türklərindən olan rus türkoloqu, şərqşünas və folklorşünas Nikolay Fyodoroviç Katanovdan 3000 qızıla alınmış 7325 cildlik kitabxana təşkil edirdi. 1925-ci ildə Türkşünaslıq İnstitutunun “Türkiyət” jurnalı nəşr olundu. Jurnalda Türk dili, türk ədəbiyyatı, türk tarixi, türk coğrafiyası və digər sahələrlə bağlı yerli və xarici alimlərin rəy və araşdırmaları, həmçinin Avropada, Asiyada türkoloji araşdırmalara dair xəbərlər, dəyərli məqalələr beynəlxalq standartlara uyğun şəkildə dərc olunurdu. Hal-hazırda məcmuədə türk, Azərbaycan, qazax, qırğız, özbək, türkmən, tatar, eləcə də Avropa dillərində, fransız, alman, ingilis, rus dillərində türkoloji sahə üçün əhəmiyyətli məqalələr mütəmadi şəkildə nəşr olunur.
Mustafa Kemal Atatürk, M. Fuat Köprülü, Türkiyat İnstitutu, Türkiyyət Məcmuəsi, Türkologiya