Abstract


THE FIRST TURKOLOGICAL NOTE IN THE HISTORY OF IRANIAN PHILOLOGY

Iran filologiyası tarixində əlimizə gəlib çatan ən qədim əsərlərdən biri XII əsrin sonları, XIII əsrin birinci yarısında yaşayıb-yaradan görkəmli alim Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin qələminə məxsus “əl-Möcəm fi məayir əşar əl-Əcəm” əsəridir. Məsələ burasındadır ki, İran filologiyası, əruz və qafiyəşünaslıq tarixində görkəmli yer tutan bu qiymətli əsərində Şəms Qeys Razi türk dili haqqında əsərinin olması barədə də məlumat verir. Şəms Qeys Razi əruz və fars dilinin müəyyən qrammatik qaydaları barədə danışarkən, fars dili ilə türk dili arasında müqayisələr apararaq, türkcə bir neçə sözü misal göstərməklə yanaşı, eyni zamanda, bu barədə türk dili haqqında olan başqa bir əsərində daha geniş şəkildə danışdığını söyləyir. Tədqiqatçılar Qeys ər-Razinin qələminə məxsus olan bu əsərin “Tibyanül lüğət ət-Türki ələ lisanül Qanqlı” əsəri olduğunu qeyd edirlər. Araşdırıcılara görə bu əsər 1223-1231-ci illərdə Cənubi Azərbaycanda hakimiyyətdə olmuş Cəlaləddin Manqburnıya ithaf olunmuş və 1223-1226-cı illər arasında yazılmışdır. Qeyd edək ki, Qeys ər-Razinin türk dillərı haqqında yazılmış bu lüğəti hələ orta əsrlərdən alimlərə məlum olmuşdur. Belə ki, İbn Mühənna XIII əsrdə yazdığı “Hilyətül- insan və həlbətül-lisan” adlı lüğətində bu əsərə istinad etmiş, ondan müxtəlif nümunələr sitat gətirərək, bu əsərin Qeys ər-Razi tərəfindən yazılaraq Cəlaləddin Manqburnıya ithaf olunduğunu söyləmişdir. Bizcə Qeys ər-Razi də “əl-Möcəm” əsərində məhz bu əsər haqqında məlumat vermiş, sadəcə olaraq onu “Kitab dər lüğəti Türki” adlandırmışdır. Qeyd edək ki, Azərbaycan dilinə tərcümədə “Türk dilinin Qanqlı dilinə izahlı lüğəti” adlanan bu əsərə əsaslanaraq, Qeys ər-Razinin Azərbaycan dilini, Qanqlı dilini və eyni zamanda türk dillərinin bir neçə qolunu yaxşı bildiyini və özünün də türk mənşəli olduğunu inamla söyləmək olar.



Keywords

Qeys ər-Razi, İran filologiyası, el-Möcəm, Tibyanul luğat, əruz.


Kaynakça