Bu məruzə Azərbaycan Cümhuriyyəti (1918-1920) Məclisi-Məbusanının (Parlamentinin) üzvü Əsədulla Əhməd oğlu Əhmədzadənin (1860-1941) həyat və fəaliyyəti haqqında Azərbaycan tarixşünaslığında ilk elmi araşdırmadır. Məruzənin yazılmasında AR Dövlət Arxivi, AR Dövlət Təhlükəsizlik Xidməti Arxivi və Moskva Şəhər Mərkəzi Dövlət Tarix Arxivinin bəlgələrindən, dönəminin mətbuatından və sorğu ədəbiyyatından, Parlamentin stenoqrafik hesabatlarından, ailə arxivi materiallarından və başqa qaynaqlardan yararlanılıb. Məruzədə Ə.Əhmədzadənin keçdiyi ömür yolu, 2-ci gildiya tacir, Bakı Lombardının direktoru, Bakı Şəhər Dumasının üzvü və Məclisi-Məbusan deputatı olaraq 1905 və 1918-ci illərdə Bakıda ermənilərin müsəlman əhaliyə qarşı təcavüzünün qarşısının alınması, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin yaradılması, “Nəşri-Maarif” Cəmiyyətinin inkişafı, yeni müstəqil Azərbaycan Cümhuriyyətinin güclənməsi... uğrunda önəmli iqtisadi, ictimai və siyasi fəaliyyəti, eləcə də 1930-cu ildəki zindan həyatı haqqında ilk dəfə olaraq geniş və hərtərəfli bilgi verilib. Araşdırmada Ə.Əhmədzadənin varisləri haqqında bilgilər də öz əksini tapıb. Belə ki, onun oğlu, hələ çar dönəmində Moskva Kommersiya İnstitutunda və Xarkov Universitetinin tibb fakültəsində oxumuş, 1920-ci illərin başlarında Azərbaycanın İstanbuldakı konsulluğunda diplomatik korpusda çalışmış Ağa (Məhəmməd)sadıq Əhmədov (1892-1930ç3) və nəvəsi – kosmikı gəmilərin uçuş sınaqları üzrə SSRİ Dövlət Komissiyanın 25 il sədri işləmiş general-leytenant Kərim Kərimov (1917-2003) haqqında da danışılır.
Açar sözlər: Əsədulla Əhmədzadə, Bakı Şəhər Duması, lombard, Parlament, Kərim Kərimov