Toponimlər bu və ya digər xalqın, tayfanın adından və həmin xalqın dillərindəki sözlərdən ibarət olduğuna görə tarix, coğrafiya, dilçilik, etnoqrafiya, arxeologiya kimi elmlərlə sıx bağlıdır. Məqalədə qeyd olunur ki, Azərbaycan və İngilis dillərində hazırkı coğrafi adların yaranmasına tarixin müxtəlif dövrlərində müxtəlif dillərin təsiri olub, belə ki, Azərbaycanın toponimləri qədim türk sözləri, dialektizmlər Azərbaycan dilinə məxsus ümumişlək xarakterli leksik vahidlər, eləcə də başqa dillərdən (ərəb, fars, urartu) keçib, Azərbaycan dilində sabitləşən və toponim yaradıcılığında iştirak edən sözlər əsasında formalaşmışdır. İngilis toponimlərində isə latın, fransız, kelt, skandinaviya mənşəli adlara rast gəlinir. Keltlər, romalılar, anqlosakslar, vikinqlər İngilis mədəniyyətini və dilini zənginləşdirməklə yanaşı, Britaniya toponimlərinə də əsaslı təsir göstərmişlər. Azərbaycan və İngilis coğrafi adlarının quruluşu üzərində müşahidələr göstərir ki, toponimlər mənşə etibarı ilə müxtəlifdir. Bu sözləri də yaranma növünə görə sadə, düzəltmə və mürəkkəb kimi növlərə bölürlər. Məqalədə qeyd olunur ki, dildə və mədəniyyətdə gedən dəyişikliklər nəticəsində coğrafi adların mənaları və quruluşları dəyişikliklərə məruz qalmış və ya tamamilə yox olmuşdur. Tədqiqat göstərir ki, həm Azərbaycan, həm də ingilis dilinin toponimik leksikası çox zəngin və rəngarəngdir; Azərbaycan və İngilis toponimlərinin funksional – üslubi imkanları genişdir.
Toponimlər, morfoloji xüsusiyyət, etnoqrafiya, semantik